Boks yığmamızdan daha bir medal: Sotomoyar da mükafatçılar arasında!
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının bir üzvü rinqə çıxıb.
64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib.
Görüşə aktiv başlayan boksçumuz çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən aşkar üstün olan Sotomayor bütün hakimlərdən ən yüksək qiymət alıb. O, kubalı idmançını 3:0 (30:27, 30:27, 30:27) məğlub edərək yarımfinala yüksəlib.
Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib.
Qeyd edək ki, bu, boks yığmamızın Olimpiadada təmin etdiyi ikinci medaldır. Daha əvvəl isə 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı yarımfinala yüksəlməklə millimiz üçün ilk medalı qazanmışdı.