Doğu Perincək: "Rusiya ilə münasibətləri biz yoluna qoyduq"
"Rusiya ilə Türkiyə arasındakı münasibətləri Vətən Partiyası olaraq biz yoluna qoyduq. Putinin ən yaxın adamlarından biri dedi ki, Vətən Partiyası dekabrda gəlib, bizi münasibətlərin normallaşmasının vacibliyinə inandırdı. Ondan sonra Rusiya Rəcəb Tayyib Ərdoğanla əməkdaşlıq etmək barədə qərar verdi". Bu fikirləri Vətən Partiyasının sədri Doğu Perincək deyib.
O, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında rəhbərlik etdiyi partiyanın əsas rol oynadığını politoloq Aleksandr Duqinin təsdiqlədiyini xatırladıb: "Duqin bunu canlı yayımda ifadə etdi. Putinin ətrafındakı səlahiyyətli şəxslər Vətən Partiyası heyətinin dekabrda Rusiyaya gəldiyini, hələ o zaman Türkiyədə bir çevriliş ola biləcəyi barədə xəbərdarlıq etdiklərini söylədilər. Biz demişdik ki, əgər Türkiyədə bir hərbi çevriliş ola bilərsə, bunu FETÖ edəcək. Ruslar dedilər ki, Vətən Partiyası ABŞ-ın bir çevrilişə əl ata biləcəyi barədə bizə xəbərdarlığı etdi, bu dönəmdə Ərdoğanın hədəf alınmasının yalnız ABŞ-a xidmət edəcəyini dedilər. Bizim mövqeyimizlə bağlı bu sözləri telekanallardan açıq söylədilər".
Perincək bildirib ki, Türkiyə ilə Rusiyanın yaxınlaşmasında əsas məqsəd Suriyadakı problemi həll etməkdir: "Çünki, PKK-nı Türkiyədə məhv edə bilərsən, amma, artıq PKK Suriyanın şimalından Türkiyəni təhdid edir. Ona görə Türkiyə bu təhdidi aradan qaldırmağa məcburdur. Türkiyə bu problemi Suriya ilə, Rusiya ilə əməkdaşlıq çərçivəsində həll edəcək".
Partiya sədri iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün gedən proseslərin hamısında iştirak etdiyini deyib: "Müxtəlif heyətlər gətirdik. Aleksandr Duqin üç dəfə Türkiyəyə gəldi. Bizimlə görüşdü, amma bu görüşlərin keçirilməsini hökumət bizdən istədi. Hökumət dedi ki, biz qeyri-siyasi yolla Rusiya ilə əlaqə qurmaq istəyirik, bu işi siz həyata keçirin. Biz də Türkiyənin lehinə olduğu üçün görüşləri təşkil etdik. Hökumətlə də görüşlər oldu. Sonuncu dəfə Mövlud Çavuşoğlu ilə görüşdülər".