Azərbaycanda 3647 su mənbəyindən laboratoriya nümunəsi götürülüb

Bu gün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində dəniz və çirkab sularının müayinə, sanitariya-gigiyena, virusologiya, QİÇS, toksikologiya laboratoriyalarına baxış keçirilib. Daha sonra dəyirmi masa təşkil olunub. Tədbirdə GEM-in “Sanitariya-epidimioloji salamatlıq haqqında” qanunu ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumat verilib.

 

Mərkəzin direktoru vəzifəsini icra edən Vaqif Abdullayev regionlarda içməli sudan səyyar laboratoriyalar tərəfindən nümunələr götürüldüyünü və aşkarlanan nöqsanlar barədə müvafiq tədbirlər görüldüyünü vurğulayıb.

 

“2683 kəndində 3647 su mənbəyindən laboratoriya müayinələri təşkil edilib, 2835 su mənbəyinin vəziyyəti bilavasitə GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə konkret ünvanlar göstərilməklə təkliflər verilib. Elə rayon var ki, orada yüzlərlə nöqsan aşkar etmişik”.

 

GEM direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib ki, 2003-2015-ci illərdə qızılca və məxmərək infeksiyaları ilə xəstələnmə halları kəskin azalıb. Son iki ildə isə ümumiyyətlə, qeydə alınmayıb. Afaq Əliyeva bağçalarda və orta məktəblərdə qızılca və məxmərək xəstəliklərinin yayılması ilə bağlı məsələyə də münasibət bildirib ki, bəzi hallarda klassik klinika görünmürsə, lakin əlamətlər qızılca və məxmərəyə bənzəyirsə, qan nümunəsi ayrı-ayrı xəstəliklərə görə təhlil olunur. Əgər laborator təsdiqi yoxdursa, qızılca və məxmərək hesab olunmur. O, qeyd edib ki, hal-hazırda Azərbaycanda 11 infeksiyaya qarşı peyvənd aparılır, bu isə peyvəndlərlə idarə olunan xəstəliklərin azalması deməkdir. Digər ölkələrdən gələ biləcək xəstəliklərin yayılmasının qarşısını almaq üçün peyvəndlər aparılır. 

 

“Azərbaycanda bizim üçün önəmli olan peyvəndləri tətbiq edirik. 2011-13-cü illərdə də tətbiq etmişik. Səhiyyə Nazirliyinin rəhbərliyi altında respublikamıza  yeni-yeni peyvəndlər tətbiq olunur”.

 

Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov çimərliklərə kanalizasiya sularının axıdılması məsələsinə münasibət bildirərkən deyib ki, Binəqədi və Sumqayıt istiqamətlərindəki çimərliklərdə modul tipli təmizləyici qurğuların quraşdırılması nəticəsində Xəzər dənizinə çirkab sularının axıdılmasının qarşısı alınıb.

 

“Hal-hazırda çimərlik zonası ilə əlaqədar olaraq geniş işçi qrupu yaradılıb. Nümayəndə kimi mən də iştirak edirəm. Turizm, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bir neçə çimərlik ərazisinə baxış keçirmişik. Nəticələr dövlət başçısına təqdim olunacaq”.

 

O, həmçinin, qeyd edib ki, “Azərsu” birliyi tərəfindən sərhədyanı zolaqda laylaraltı suların qarşısının alınması məqsədilə kollektorlar quraşdırılıb və yaxın zamanda istifadəyə veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv