Lənkəran sakini Lerikdə şəlalədə boğuldu

Lerikdə bədbəxt hadisə baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Lənkəran rayonunun Digah kənd sakini, 18 yaşlı Mirdaməd Məhəmməd oğlu İsmayılov Lənkəran-Lerik şose yolunun 25-ci kilometrliyində, yolun Lerikin Piran kəndi ərazisində yerləşən şəlalənin altında çimərkən suda batıb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicilərinin səyləri ilə 18 yaşlı gəncin  meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, Mirdaməd İsmayılovun çimdiyi ərazi təhlükəli zonada yerləşir. Burada bəzi yerlərdə yeraltı çatların dərinliyi 10 metrdən çoxdur. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv