Mariya Stadnik qızıl medalın bir addımlığında!
Braziliyada keçirilən Yay Olimpiya Oyunları davam edir. APA TV-nin məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulublar.
Yığmamızın əsas medal ümidləri – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib.
O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.
Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.
Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verib. Yarımfinala qədər irəliləyən idmançımız bu mərhələdə yaponiyalı Kaori İçoya 0:10 hesabı ilə məğlub olub. Güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirəcək.