Stadnik qızıl medalı son 3 saniyədə əldən verdi - üçüncü gümüş medal

Braziliyada keçirilən Yay Olimpiya Oyunları davam edir. APA TV-nin məlumatına görə, ötən gün mübarizəyə xanım güləşçilər də qoşulublar.

 

Yığmamızın əsas medal ümidləri – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.

 

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib.

 

O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

 

Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.

 

Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Bu idmançıya 2015-ci il Las-Veqasda keçirilən dünya çempionatının finalında məğlub olan güləşçimiz bu dəfə də qalib gələ bilməyib. Halbuki, döyüşə Mariya fəal başlamışdı. İlk hissəni 2:0 hesabı ilə öndə bitirən idmançımız sonradan rəqibə 1 xal versə də, sona 3 saniyə qalmışa qədər öndə idi.

 

Son saniyələrdə isə hər şey dəyişdi və bir fəndlə iki xal qazanan Tosaka 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxdı.

 

Müəllif | Apa.Tv