Rövşən Lənkəranski xəstəxanada vəfat edib - YENİLƏNİB

Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.

 

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.  

 

Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.

 

Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.

 

Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.

 

Polisdən isə xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, onun xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alındığı bildirilib.

 

Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.

 

 

Qeyd edək ki, Türkiyə mətbuatı İstanbulun Beşiktaş bölgəsində rayonunda azərbaycanlı iş adamının silahlı hücuma məruz qaldığı barədə məlumat yayıb. Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobilə iki silahlı şəxs hücum edib.

 

Oteldəki toplantıdan çıxan azərbaycanlı iş adamı Rövşən Əliyev və sürücüsü cavab atəşi açıb. Atışma zamanı iş adamı və sürücüsü ağır yaralanıb. Silahlı şəxslər hadisə yerindən qaçıblar.

 

Dərhal hadisə yerinə polis əməkdaşları və həkim briqadaları cəlb edilib. Rövşən Əliyev və sürücüsü xəstəxanaya çatdırılıb.

 

Atışma zamanı iş adamının avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb.

 

Polis hadisə yerindən qaçan silahlıların axtarışlarına başlayıb.

 

APA-nın Türkiyə müxbiri İstanbulda dünən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşdirib.

 

Pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

 

Agentliyin əməkdaşı onu da öyrənib ki, Rövşən Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. 

Müəllif | Apa.Tv