Elazığda dəhşətli terror aktı: 3 ölü, 100-dən çox yaralı - YENİLƏNİB
Türkiyənin Elazığ vilayətində dəhşətli terror aktı törədilib. APA TV-nin xəbərinə görə, Elazığ Polis İdarəsinin qarşısında bomba yüklənmiş avtomobil partladılıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub. İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Hadisə ilə bağlı Elazığ Bələdiyyə Rəhbərinin Köməkçisi Mahmut Varol açıqlama verib: "Ölənlər barəsində bir məlumat yoxdur. Partlayıcı yüklənmiş avtomobilin partlaması nəticəsində Polis İdarəsinin önündə dayanan avtomobillər yanıb. Bombanın gücündən bələdiyyəyə raket atıldığını zənn etdik. Halbuki arada 5 kilometr məsafə var. Partlayış Polis İdarəsinin həyətində baş verib".
Partlayışın bütün şəhərdə hiss edildiyi bildirilir. Hadisəni törədən terrorçuların ələ keçirilməsi üçün əməliyyat başlanıb.