Elazığda baş verən terrorda yaralıların sayı 170-ə çatıb, 3 şəhid var - SON DƏQİQƏ

Türkiyənin Elazığ vilayətində baş verən terror aktında yaralıların sayı 170-ə çatıb, üç polis şəhid olub. APA TV-nin xəbərinə görə, yaralılardan 14-nün vəziyyəti ağır qiymətləndirilir, şəhid sayının artması ehtimalı var. Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.

 

Şahidlərin sözlərinə görə, hərəkətdə olan bomba yüklü avtomobil polis idarəsinin bağçasında, avtoparka gedən yolda partlayıb. Dörd mərtəbəli idarə xarabaya çevrilib. Partlayış baş verən yerdə 2 metr dərinliyində, 5 metr enində çuxur əmələ gəlib.

 

Elazığ valisi Murad Zorluoğlu bomba yüklü avtomobilin partladılması nəticəsində baş verən partlayışda 3 polisin şəhid olduğunu, aralarında mülki şəxslərin də olduğu 14-ü ağır, 146 şəxsin yaralandığını bildirib. Son məlumatlara görə isə yaralı sayı 170-ə çatıb.

 

Elazığda təhlükəsizlik tədbirləri artırılıb, qaçan terrorçuların tutulması üçün əməliyyat başlanıb.

Hadisə ilə əlaqədar açıqlama verən Milli Müdafiə naziri Fikri İşık bildirib ki, PKK bölgə xalqının dərdləri ilə deyil, beynəlxalq güclərin istəkləri ilə hərəkət edir.

 

"PKK-nın içəridən dəstək almaq şansı qalmayıb. Bundan sonranı PKK rəhbərliyi düşünsün. Bölgə xalqının təhlükəsizlik qüvvələri ilə iş birliyində olması lazımdır".

 

Müəllif | Apa.Tv
Apa.tv