Azərbaycanda qızıl niyə və nə qədər bahalaşıb? - REPORTAJ
Son bir həftə ərzində paytaxt dükanlarında qızılın qiyməti qalxıb. Bu bahalaşmadan isə həm alıcılar, həm də satıcılar şikayətlənir. Nəticədə qızıl dükanlarına gedənlərin sayı azalıb. APA TV-nin məlumatına görə, paytaxtın məşhur qızıl satışı şəbəkəsi olan "Moskva" univermağında satıcılar alıcı sarıdan korluq çəkirlər. Univermaqda satıcılar da, alıcılar da qızılın bahalığından narazılıq edirlər. Qızıl almağa gələn Təranə xanım deyir ki, oğul toyuna hazırlaşır, amma qiymətlər yüksəkdir.
"Brilyant dəst axtarıram, amma çox bahadır. Bilirəm ki, dollar qalxandan sonra burada da qiymətlər qalxıb. Amma yenə də istəyirəm yaxşısını alım. Toy da bir dəfə olur, gərək aldığın səni də, qarşı tərəfi də qane edə".
Satıcı Gülnar xanım alıcı qıtlığından əziyyət çəkdikləri, hətta bəzən günlərlə alış-veriş olmadığını deyir.
"750 əyarlı brilyant qaşlarla olan dəstin qiyməti 2000 min manatdan 10 min manatadək dəyişir. 750 əyarın qiyməti qramı 60 manatdan başlayır. 585 əyarlı qızılın qramı isə 55-58 manata satılır. Bu gün demək olar ki, alıcımız yoxdur, ümumiyyətlə götürdükdə isə iş zəifdir. Dollar qalxandan sonra alıcıların da sayı azalıb. Ötən ilin payızı ilə heç müqayisə oluna bilməz".
Digər bir satıcı isə deyir ki, əvvəllər brilyantla bəzədilmiş zinət əşyalarına üstünlük verənlər, indi daha çox qızılla maraqlanırlar. Əsasən 750 əyarlı zinət əşyaları satılır. Satıcının sözlərinə görə, 585 əyarlı qızıl lombard və ya banklar tərəfindən girov kimi qəbul edilmir. Üstəlik, satılanda və ya dəyişdiriləndə dəyərini itirir. Buna görə də alıcılar 750 əyarına üstünlük verirlər.
“Moskva” univermağında qızıl alıcılarından daha çox qızıl satanlara rast gəlinir. 750 əyarlı qızılın qramı 40 manata qəbul edilir.
"Gətirmişəm satmağa, amma neçədən götürəcəklər, onu deyə bilmərəm".
"585 əyarlı qızılı 41 manatdan alırıq. 58-60 manata satırıq. 750 əyarı isə 70 manatdan yuxarı satırıq".
Satıcı Məhərrəm Əsgərxanlı deyir ki, univermağın qızıl şöbəsində əsasən Rusiya, Türkiyə və Dubaydan gətirilən zinət əşyaları satılır ki, bu mallarında keyfiyyətinə söz ola bilməz.
"Hər qızılın qiyməti əyarına görə dəyişir. Hazırda isə qiymət qalxmaqda davam edir. Dünya bazarında qızılın unsiyası qalxdığından bazarda da qiymətlər sürətlə qalxır. 585 və 583 əyarlı qızılların qiyməti arasında o qədər də kəskin fərq yoxdur. 60-65 manat arası dəyişir. İtalyan qızılı 80 manata satılır. Brilyant dəstlərdə də qiymət yetərincə yuxarıdır. Müştərilər nə qədər tez bazarlıq etsələr, o qədər də yaxşı olar".
Satıcı Aygün Quliyeva deyir ki, yerli zərgərlərin istehsal etdiyi zinət əşyalarından fərqli olaraq xaricdən gətirilən zinət əşyalarının qiyməti bahadır. Onun sözlərinə görə, bəziləri zərgərlərin mallarını zavod istehsalı kimi satır. "Brend" malların qiymətini isə firmalar müəyyənləşdirir.
Zərgərlər onu da vurğulayır ki, qızıl-zinət əşyalarına ümumi sifarişlər ötən ilə nisbətən azalıb.
Müsahiblərimiz əsasən toy mövsümündə qızıl bazarında canlanma olduğunu və insanların qızıla olan tələbatının artdığını deyir.