Göyçay sakinlərinə məxsus 36 baş inək və qoyun oğurlanıb
Göyçay rayonunda vətəndaşlara məxsus çoxlu sayda iri və xırda buynuzlu heyvanlar oğurlanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə bu günlərdə rayonun Qarabaqqal və Hacalıkənd kənd sakinlərinə məxsus 16 baş inək və qoyun naməlum səbəbdən yoxa çıxıb. Məlumata görə, Qarabaqqal kənd sakinləri Fuğan Qədirov, Şakir Nəsirov, Məmmədşah Məcidova, Elşən Ömərov, Comərd Ömərov, Rafiq Məmmədova məxsus 9 baş inək, Hacalıkənd kənd sakinləri Yaşar Xəlilov və Ziyəfəddin Xəlilova məxsus 6 baş qoyun örüş yerindən oğurlanıb. Bundan əlavə eyni vaxtda Bığır kənd sakinləri Elmira Əzizova, Mehdi Mehdiyev, Füzuli Hacıyev, Mehman Gülüyev, Rafiq Hacıyev və digər vətəndaşlara məxsus 21 baş iri buynuzlu heyvan naməlum şəxslər tərəfindən oğurlanıb. Heyvanlar gündüz vaxtı, yəni mal-qaranın otlaq sahəsindən oğurlanıb.
Vətəndaşlar oğurluq hadisələri ilə bağlı Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Heyvanların və onları oğurlayan şəxslərin tapılması üçün polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri hələlik nəticəsiz qalıb. Mal-qarası oğurlanan vətəndaşlara ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.