Neftin qiyməti 51 dolları keçdi
Birjalarda neftin qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin son 24 saatda maksimum qiyməti 51,10 dollar təşkil edib. Bu bir gün əvvəlki qiymətdən iki dollara qədər bahadır. Səhər seanslarında bu markadan olan neft təxminən eyni qiymətə 51,01 sentdən satılmağa başlayıb. Qərbi Texas nefti də aylıq maksimumu yeniləyib. Oktyabr ayı üçün bağlanan müqavilələrdə WTİ neftinin bir bareli 48,61 dollardan müəyyənləşib. Bu, son bir ayda qeydə alınan ən yüksək qiymətdir.
Qiymətlərin sürətlə bahalaşmasına səbəb əsas neft ölkələrinin hasilatı dondurmaq barədə danışıqlara başlamasıdır. Ötən həftə OPEK-in belə bir niyyəti olduğu barədə yayılan xəbərlər neftin bahalaşmasına təkan vermişdi, artıq xəbərlərin təsdiqlənməsi qiymətlərin daha da artacağını göstərir.