Azərbaycanda hindquşu ətinin kütləvi istehsalına başlanıla bilər
Bakıda “Quşçuların Beynəlxalq Forumu” keçirilib. Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Avrasiya Quşçular Assosiasiyası və Azərbaycan Quşçular Assosiasiyanın təşkilatçılığı ilə keçirilən forum 2 gün davam edəcək. Forumda quş əti və yumurta istehsalı, yemlənmə və sair mövzularda fikir mübadiləsi aparılacaq.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycan iqtisadiyyatının ümumi durumundan, qeyri-neft sektorunun inkişaf tendensiyalarından bəhs edib. O, qeyd edib ki, quşçuluq yeganə sahədir ki, torpaq vergisindən başqa, bütün vergilərdən azaddır. Bu isə, bir çox mənalarda quşçuluq sahəsinin inkişafına xidmət edən amildir. Azərbaycan istehlakçıları yerli istehsala üstünlük verirlər. Əsas problem yemlənmə ilə bağlıdır. Yemlərin xaricdən gətirilməsi müəyyən çətinliklər yaradır. Lakin hökumət yaxın zamanlarda ölkədə yem istehsalına başlanması üçün torpaq ayrılmasını planlaşdırır. O, əlavə edib ki, Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəyir. Ölkə quş ətinə olan tələbatın 98%-ni, yumurtaya olan tələbatın 100%-ni yerli istehsal ilə təmin edir.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, 2009- cu ildən etibarən güclü dövlət sərmayəsinin qoyulması ilə ölkədə quşçuluq sahəsi sürətlə inkişaf etməyə başlayıb: “Bütün quşçulara güzəştli kreditlər verildi. Bunun hesabına yeni quşçuluq kompleksləri tikildi. Fəaliyyət göstərən komplekslər rekonstruksiya olundu, müasir avadanlıqla təchiz olundu. Nəticədə istehsal bir neçə dəfə artdı. 2009-cu ildə 26 min ton quş əti istehsal olunan halda, 2015-ci ildə 100 min ton quş əti istehsal olunub”
Forumun sədri, eyni zamanda Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev əsas prioritet istiqamətin ixracla bağlı olduğunu bildirib. İstehsal olunan quş əti və yumurtanın xarici bazarlarda da satılması əsas hədəflərdən biridir: “Yeni ideyam var. Hind quşu istehsalı. Azərbaycanda demək olar ki, kütləvi şəkildə istehsal olunmur. Bundan başqa, bildirçin, qaz və ördək əti istehsalı olsa, yaxşı olar”.
Daha sonra forum ayrı-ayrı sessiyalarla öz işini davam etdirib.