"ASAN Xidmət"lə Koreya Daxili İşlər Nazirliyi arasında Memorandum imzalanıb
"ASAN Xidmət"lə Koreya Daxili İşlər Nazirliyi arasında Memorandum imzalanıb. APA TV-nin məlumatına görə, sənədi "ASAN Xidmət"in rəhbəri İnam Kərimov və Koreyanın daxili işlər naziri Honq Yunq-Sık imzalayıblar.
İmzalanma mərasimindən sonra keçirilən tədbirdə çıxış edən İnam Kərimov bildirib ki, memorandumun məqsədi əməkdaşlığı daha da səmərəli etməkdir.
“ASAN xidmət” yaranandan indiyə qədər 11 milyondan çox vətəndaşım müraciəti üzrə xidmət göstərib deyən İnam Kərimov qeyd edib ki, xidmət həmçinin Azərbaycanda yaşayan əcnəbilərin bütün xidmətlərdən şəffaf şəkildə faydalanmasını təmin edib. Onun sözlərinə görə, vətəndaşların “ASAN xidmət”dən məmnunluq səviyyəsi 98 faiz təşkil edib.
İ. Kərimov qeyd edib ki, “ASAN xidmət”in uğuru dünya səviyyəsində də yüksək qiymətləndirilib. O qeyd edib ki, “ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən dövlət xidmətinin təkmilləşdirilməsi kateqoriyası üzrə yüksək qiymətləndirilib.
Koreyalı nazir isə bildirib ki, hər iki ölkə elektron hökumət sahəsində təcrübəni paylaşmalı, bununla da, əhaliyə daha yüksək elektron xidmət göstərilməlidir. Nazir deyib ki, Anlaşma Memorandumu elektron hökumət və dövlət idarəçiliyi sahəsində sıx əməkdaşlığın təməlini qoyub.