Azərbaycanın daha üç bölgəsində “ASAN xidmət” mərkəzləri açılacaq
“Növbəti illərdə “ASAN xidmət” mərkəzlərinin sayı artacaq”. APA TV-nin məlumatına görə, bu barədə “ASAN xidmət”in sədri İnam Kərimov Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumundan sonra keçirdiyi mətbuat konfransında deyib.
"Bu il ərzində Masallıda "ASAN xidmət" Mərkəzinin açılışı olacaq. Növbəti iki il ərzində Şəkidə və Qubada “ASAN xidmət” mərkəzlərinin yaradılması da planlaşdırılır".
O qeyd edib ki, hər iki dövlətdə vətəndaşlara göstərilən xidmətin daha təkmil olması üçün bu sahədə əməkdaşlığın qurulması zəruridir.
İnam Kərimov qeyd edib ki, “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət idarəçiliyində innovasiyaların tətbiqi, şəffaflığın artırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektron xidmətlərə keçidin sürətləndirilməsidir:
“Hazırda respublikada 10 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 250 dən çox dövlət və özəl xidmətləri göstərilir”.
Onun sözlərinə görə, “ASAN xidmət” indeksinə uyğun olaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlər artıq hər il sistemli şəkildə qiymətləndirəcək:
“Xidmətlərin vahid məkandan göstərilməsi, xidmət proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, vahid standartların formalaşdırılması üçün geniş imkanlar yaradılıb”.
Sədr bildirib ki, dövlət agentliyi elektron xidmətlərin təşkili ilə yanaşı elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirir: “Artıq 40 dövlət orqanı üzrə 450-dən çox elektron xidmətlər qiymətləndirilib”.