Əhməd Davudoğlunun "sağ əli" sayılan səfir həbs olundu

Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dövrdə onun şəxsi katibi olmuş səfir Gürcan Balık FETÖ təhqiqatı çərçivəsində həbs olunub.

 

APA TV-nin məlumatına görə, 2010-2012-ci illərdə xarici işlər nazirinin müşaviri vəzifəsində çalışmış Gürcan Balık, Əhməd Davudoğlunun Fəthullah Gülənlə görüşünün təşkilində əsas rol oynayıb. Davudoğlunun sağ əli sayılan səfir iyulun 21-də işdən çıxarılıb və araşdırma çərçivəsində həbs edilib.

 

Qeyd edək ki, Gürcan Balık bundan əvvəl sabiq prezident Abdullah Gülün də müşaviri olub. 2013-cü ildə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedən prezident Abdullah Gül və xarici işlər naziri Əhməd Davudoğlu arasında problem yaşanıb. XİN başçısı prezidentə xəbər vermədən Pensilvaniyaya gedərək Fəthullah Gülənlə görüşüb. Görüş barədə prezident yalnız bir həftə sonra xəbər tutub. O zaman görüşün bu gün həbs edilən Gürcan Balık tərəfindən təşkil olunduğu iddia edilmişdi.  

Müəllif | Apa.Tv
Apa.tv