Mətin Feyzioğlu: "Xuntaçıların məqsədi Ərdoğanı girov götürüb beynəlxalq məhkəməyə vermək idi"

Marmarisdə Türkiyə prezidentinin qaldığı otelə basqın edən xuntaçıların məqsədi Ərdoğanı öldürmək yox, girov götürmək olub. Bu iddia ilə Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu çıxış edib.

 

O, prezident Ərdoğanın görüşmək istəyinə müsbət cavab verməsini, 15 iyuldan sonra prezidentə dəstək mesajları verməsinin səbəblərini belə izah edib: "Düşünürəm ki, hərbi çevriliş etmək istəyənlər öz əməllərinə haqq qazandırmaq üçün prezident Ərdoğanı öldürmək yox, sağ ələ keçirmək istəyirdilər. Otelin raketlə vurulmamasının, təyyarəyə atəş açılmamasının səbəblərindən biri də məhz budur. Niyə sağ ələ keçirmək istəyiblər? Bu, uzun zamandır Qərb mətbuatında yazılan bir məsələ ilə bağlı ola bilər. Qərb mətbuatında Rəcəb Tayyip Ərdoğanın Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasının labüdlüyü barədə silsilə yazılar çıxırdı. Düşünürəm ki, əgər çevriliş baş tutsaydı, xuntaçılar prezidenti törətdiyi beynəlxalq cinayətlər iddiası ilə Haaqa tribunalına təhvil verəcək, "görürsünüz, biz beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik" mesajı vermək istəyəcəkdilər".

 

Mətin Feyzioğlu deyib ki, əvvəllər prezidentlə aralarında olan problemlər olsa da, ölkə rəhbərinin beynəlxalq məhkəmədə mühakimə perspektivi bir vətəndaş kimi onu məmnun edə bilməz: "Mən Türkiyə Respublikasının vətəndaşıyam, türk millətinin bir fərdiyəm. Prezidentimə səhv edirsiniz deyə bilərəm, atdığı addımlardan narahat olduğumu bəyan edə bilərəm, əsəbiləşə bilərəm. Amma heç bir Türkiyə vətəndaşı bu ölkənin prezidentinin Haaqa tribunalında mühakimə olunmasını istəyə bilməz, arzu edə bilməz, belə bir ehtimalın mövcudluğundan xoşbəxtlik hissi keçirə bilməz".

 

Vəkillər Kollegiyasının sədri bildirib ki, hərbi çevriliş planında əsas məqsəd ordu daxilində qarşıdurma yaratmaq, bu qarşıdurmanı vətəndaş müharibəsinə çevirmək, BMT-nin bundan istifadə edərək Türkiyəyə hərbi müdaxilə barədə qətnamə qəbuluna nail olmaq olub.

 

Xatırladaq ki, bir neçə gün əvvəl prezident Ərdoğan Vəkillər Kollegiyasının sədrinə görüşmək barədə təklif göndərib və 15 iyuldan sonra gedən proseslərdə Mətin Feyzioğludan dəstək istəyib. Ədliyyə naziri Bəkir Bozdağın vasitəçiliyi ilə baş tutan görüşdən sonra Mətin Feyzioğlu FETÖ ilə mübarizədə dövlətə tam dəstək verəcəklərini açıqlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv