Hacı Əliyev bürünc medal qazandı
Azərbaycan yığması Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir bürünc medal qazanıb.
Sərbəst güləş üzrə yarışlarda mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Mircəlal Həsənzadənin əvəzinə Rioya yollanan 2 qat dünya çempionumuz Asiya Oyunlarının bürünc mükafatçısını xalçaya çıxmasına peşman edib. İlk hissəni 8:2 hesabı ilə öndə bitirən həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.
Hacı 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Birinci hissə Əliyevin 1:0 hesabı ilə xeyrinə başa çatsa da, yekunda məğlubiyyətə üzülüb. Gürcü 5:3 hesabı ilə mərhələ adlayıb.
London-2012-nin finalçısı olan Xinçeqaşvili bu dəfə də həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal uğrunda bolqarıstanlı Vladimir Dubovla güləşib. Qarşılaşmanın gedişində geri düşən idmançımız sonradan təşəbbüsü ələ alıb. İkinci periodda 5:4 hesabı ilə irəlidə olarkən rəqibinin kürəyini xalçaya vurmağı bacaran Hacı təmiz qələbə ilə bürünc medal qazanıb.