Taekvondoçumuzdan möhtəşəm qələbə və bürünc medal

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha 2 dəst medal öz sahibini tapıb. APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının idmançıları hər iki çəki dərəcəsində mübarizə aparıblar.

 

80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. Harçeqani son iki dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

 

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7.

 

Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirib. Onun rəqibi polşalı Pyotr Pazinski olub. Döyüşə fəal başlayan Milad başdan sona üstün olduğu görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirərək bürünc medal qazanıb.

 

67 kq. çəkidə Azərbaycanı təmsil edən Fəridə Əzizova isə bürünc medal uğrunda döyüşdə Fil Dişi Sahilindən Kristel Qbaqbiyə məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.

 

Müəllif | Apa.Tv