OPEK "blef" edir, neftin qiyməti 50 dollar ətrafında sabitləşir

Dünən gecə başa çatan həftənin son hərraclarında neftin qiyməti stabilləşib. APA TV-nin məlumatına görə, son seanslarda "Brent" markalı neftin bir bareli 50,80 dollardan satılıb ki, bu da bir gün əvvəlki qiymətdən təxminən 30 sent ucuzdur. Qərbi Texas neftinin qiyməti də stabilləşib. WTİ markalı neftin bir bareli 48,50 dollardan satılıb, bu, dünənki qiymətdən cəmi 11 sent ucuzdur.

 

Ekspertlərin fikrincə, OPEK ölkələrinin hasilatı dondurmaq məsələsini yenidən gündəmə gətirməsi neftin qiymətini bahalaşdırmaq məqsədi daşıyır. Bununla belə gələn ay keçiriləcək OPEK ölkələrinin qeyri-rəsmi toplantısında tərəflərin hasilatı dondurmaqla bağlı ortaq məxrəcə gələcəklərinə ümid azdır. Həm kartel daxilində siyasi balansın ciddi şəkildə pozulması, həm də hasilatı dondurmağa rəğmən bazarda neft həcminin onsuz da artıq olması buna imkan vermir. Ekspertlər hesab edir ki, kartel üzvləri hasilatı dondurmaq barədə yekdil qərara gələ bilməsələr də, zaman-zaman bu məsələni gündəmə gətirib neftin qiymətlərini 50 dollar ətrafında saxlamaq istəyəcəklər. 

Müəllif | Apa.Tv
Apa.tv