Artur Rəsizadə beş il AZƏRBAYCAN HÖKUMƏTİNƏ RƏHBƏRLİK EDƏCƏK

Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV xəbər verir ki, iclasda Artur Rəsizadənin yenidən Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyinin irəli sürüldüyü bildirilib. Bu barədə parlamentdə spiker Oqtay Əsədov məlumat verib. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və Artur Rasizadənin baş nazir olmasının əleyhinə 2, lehinə 112 deputat səs verib. Daha sonra iclasda Bakı, Gəncə və Şirvan şəhər Apellyasiya məhkəmələrinin hakimlərinin tutduqları vəzifədən azad olunmaları barədə qərar qəbul olunub.

 

Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad ediliblər. Eyni zamanda məclisdə Məclis “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişikliklər edib. Bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O xatırladıb ki, bir il əvvəl “Məhkəmələr və Hakimlər” haqqında qanuna dəyişiklik olunub.

 

Millət vəkili Qüdrət Həsənquliyev isə dəyişikliyə ciddi şəkildə etiraz edib. O, bildirib ki, Məhkəmə-Hüquq Şurası da hakimlərin orqanıdır. Bu qurumda prokurorların, vəkillərin təmsil olunması da qanunsuzdur. Konstitusiyaya görə, hakimiyyət bölgüsü müəyyən edilib.

 

Siyavuş Novruzov isə deyib ki, burada söhbət hakimlərin pedaqoji fəaliyyətə cəlb edilməsindən gedir və bu, müsbət haldır.

 

Eyni zamanda iclasda Cinayət Məcəlləsinin 167-2 maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Qanunda edilən dəyişikliyə əsasən, Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cinayət məsuliyyəti sərtləşdirilib.

Müəllif | Apa.Tv