Suriya ordusu ilk dəfə YPG mövqelərini bombaladı, ABŞ bölgəyə qoşun göndərir

Suriya ordusu vətəndaş müharibəsi başladıqdan sonra ilk dəfə PKK-nın Suriya qanadı olan YPG-nin mövqelərinə havadan zərbələr endirib. APA TV-nin məlumatına görə, cümə axşamı Hasekedə YPG mövqelərini bombalamağa başlayan Suriya təyyarələri zərbələri dünən də davam etdiriblər. Pentaqon isə Suriya ordusunun bombaladığı ərazilərdə YPG-yə dəstək məqsədilə göndərilmiş ABŞ xüsusi təyinatlı birləşmələrinin olduğunu açıqlayıb. ABŞ bu qüvvələri qorumaq üçün Haseke səmalarına döyüş təyyarələri göndərib. Pentaqon sözçüsü Suriyanın YPG mövqelərini ilk dəfə bombaladığını bildirərək, bunu "inanılmaz durum" kimi dəyərləndirib.

ABŞ Hasekenin Suriya təyyarələri tərəfindən bombalanması səbəbilə Əsəd hökumətinə ultimatum verib. Vaşinqton öz tələblərini Suriya rəhbərliyinə Rusiyanın vasitəçiliyi ilə çatdırıb. ABŞ bəyan edib ki, Suriya bombardmanları davam etdirsə, Pentaqon bölgədəki koalisiya qüvvələrini müdafiə etmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Haseke şəhərinin yarısı YPG-nin, yarısı isə Suriya hökumətinin nəzarətindədir. Rəsmi Dəməşq ABŞ-ın ultimatumuna cavab verərək, YPG-nin şəhəri ələ keçirməyə çalışdığını, onların mövqelərinin bu səbəbdən bombalandığını açıqlayıb. Ordunun nümayəndəsi dövlət televiziyası ilə çıxışında YPG-ni dövlət qurumlarına hücum etməkdə, neft və pambıq oğurlamaqda, mülki şəxsləri girov götürməkdə, xaos yaratmaqda ittiham edib. Nümayəndə bildirib ki, ordu bu cür əməllərə cavab vermək məcburiyyətindədir.

Suriya ordusu Haseke şəhərini bombaladıqdan sonra mülki əhali şəhəri tərk etməyə başlayıb. YPG təmsilçisi şəhərdə Suriya ordusu ilə kürdlər arasında şiddətli döyüşlərin getdiyini, döyüşlərdə onlarla mülki şəxsin öldüyünü deyib.

Qeyd edək ki, Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG, ABŞ-ın rəhbərlik etdiyi anti-Əsəd koalisiyasının İŞİD-ə qarşı döyüşlərdə əsas müttəfiqidir. YPG ölkənin şimalında əsas şəhərləri ələ keçirərək öz hakimiyyətini elan edib. Kürdlərin muxtariyyət elan etməsinə rəğmən Suriya ordusu indiyə kimi YPG mövqelərinə zərbə endirməmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv