Körpəni vaxtından əvvəl təkərli arabaya qoymaq hansı fəsadlar verə bilər? - REPORTAJ
Uşaqların böyümə mərhələləri var. Anatomik olaraq körpə uşaqlar 3 ayında başını tutmağa, 6-7 ayında oturmağa, 7-8-ci ayında sürünməyə, sonrakı aylarda iməkləməyə başlayır. Yalnız bu dövrdən sonra sərbəst gəzməyi öyrənirlər. Lakin bəzi hallarda övladının yeriməməsindən narahat olan valideynlər onları xüsusi, təkərli arabalara qoyurlar. Fizioterapevt Sənan Cəfərovun sözlərinə görə, uşağın vaxtından əvvəl bu növ arabalara qoyulması mənfi nəticələrə səbəb ola bilər. O qeyd edib ki, yerimə müddətində gecikmələr ola bilər. Adətən, qızlar oğlanlara nisbətən daha tez yeriyirlər.
“Bəzən valideynlər vaxtından əvvəl olsa da, uşaq ağlayanda tənbəllikdən onları arabaya qoyurlar. Bu isə uşaqlarda bud-çanaq problemləri, oynaq əyrilikləri yaradır. Ayaq biləklərinə yük düşdüyü üçün bu nahiyədə problemlər yarada bilər. Bunun isə şikəstliyə qədər gətirib çıxara bilməsi mümkündür”.
Sənan Cəfərov vurğulayıb ki, uşağın inkişafını daim nəzarətdə saxlamaq lazımdır. Pediatrlara vaxtı-vaxtında müraciət etmək və müayinələr aparmaq hər baxımdan valideynlər üçün faydalı olar. Anadangəlmə yaxud sonradan yaranmasından asılı olmayaraq, oynaq-dayaq sistemi ilə bağlı problemləri 70% hallarda aradan qaldırmaq mümkündür. Əks halda...
“18 yaşdan sonra onun yerləşmiş skoliozu varsa, ayağında düz pəncəlik, dizin arxaya doğru getmə problemi varsa, bunları düzəltmək çox çətin olur. 18 yaşdan sonra ancaq fəsadları düzəltmək mümkündür. İşin 30 faizi elekroterapiyanın, 70 faizi isə reabilitasiyanın öhdəsinə düşür. Amma ümumiyyətlə, həkim və valideynlərin payı yarı-yarıyadır. Əgər valideynlər həkimlərin məsləhətinə riayət etməyəcəksə, istənilən nəticəni almaq çətin olacaq”.
Beləliklə, uşağınız gəzmək yaşına çatsa da, bunu etmirsə, narahat olmayın. Onu arabaya vaxtından tez qoymaq olmaz. Mütəmadi olaraq pediatr nəzarəti altında olması onun səhhətində baş verə biləcək problemləri zamanında aşkarlamağa kömək edir.
Bəs bazarda necə, bu növ arabalara tələbat necədir? "Xalqlar Dostluğu" Ticarət mərkəzində uşaq arabaları satışı ilə məşğul olan Zöhrab bəy deyir ki, alıcılıq qabiliyyəti aşağı olsa da, ümumi mənada tələbat var: “İllər keçdikcə tələbat çoxalır. Çindən və İrandan gəlir. Bəzi modellər var ki, hər iki ölkədən gətirilir”.
Qiymətlərdəki fərq modelə görə dəyişir. Önündə oyuncaqları olan, yellənən, çətiri olan arabaların qiyməti daha yüksəkdir. Alıcılar əsasən, 20-30 manata satılan arabalara üstünlük verilir. Türkiyə istehsalı olan arabalar satışda yoxdur. Bunun əsas səbəbi qiymətlə bağlıdır. Bu ölkədən gətirilən arabaların orta qiyməti 50 manatdır. Çin istehsalı arabalar 13-60 manata İran istehsalı arabalar isə 40 manata satılır.