Sabir Rüstəmxanlı: "Öz biznesləri ilə bağlı Putinlə danışırlar, amma..."
Milli Məclisinin oktyabrın 22-də keçirilən iclasında Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsi ilə bağlı məsələ ciddi müzakirə mövzusu olub. Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, bu məsələyə ciddi reaksiya verilməli, Milli Məclis Rusiya Dövlət Dumasına müraciət ünvanlanmalıdır. O, diaspor təşkilatlarını tənqid edib.
Sabir Rüstəmxanlı, millət vəkili:
- Bir müddət öncə “Milyarderlər İttifaqı” bir yerə yığışıb maraqlı bəyanatlar səsləndirirdilər. Öz bizneslərləri ilə bağlı Putinlə oturub danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar.
APA TV-nin xəbərinə görə, millət vəkili Fazil Mustafa isə qeyd edib ki, Rusiya miqrantlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. O, Moskvada miqrantlara qarşı qeyri-qanuni təzyiqləri pisləyib, digər ölkələrlə birgə fəaliyyət göstərməyi təklif edib.
Millət vəkili Qənirə Paşayeva da hadisələri pisləyərək, bunun Azərbaycana qarşı ciddi ayrı-seçkilik olduğunu vurğulayıb. O bildirib ki, bu, Rusiyanın özünə qarşı da ağır nəticələr verə bilər.
Qənirə Paşayeva, millət vəkili:
- İndi Rusiya da viza rejiminin tətbiqindən danışır. Azərbaycanı bu kimi məsələlərə qorxutmaq, təzyiq göstərmək olmayacaq. Azərbaycan müstəqil dövlətdir. Bu yalnız iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcək.
Spiker Oqtay Əsədov millət vəkilləri tərəfindən qaldırılmış bu məsələyə münasibət bildirərək qeyd edib ki, Moskvada baş verən hadisələr həm dövlət, həm parlament səviyyəsində diqqətdə saxlanılır.
İlkin Nəcəfzadə, Rizvan Zahidoğlu.