Ərdoğan açıqladı: Partlayışı 12 yaşlı uşaq törədib, 51 şəhid var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib.

 

APA TV-nin məlumatına görə, Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da kənardan uşağın üzərindəki partlayıcı qurğu işə salınıb.

 

Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib. O deyib ki, hüquq-mühafizə orqanları partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyini düşünür.

 

Qeyd edək ki, ötən gün terror zamanı həyatı itirənlərdən 37-si yas mərasimindən sonra Qaziantepin Yeşilkent məzarlığında torpağa tapşırılıb.

 

 

 

 

Müəllif | Apa.Tv