Terror aktında YARALANAN AZƏRBAYCANLI DANIŞDI

Oktyabrın 21-də Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunda törədilmiş partlayış nəticəsində yaralanan azərbaycanlı Nail Əliyev özünü yaxşı hiss edir. Nail Əliyev APA-ya hadisə zamanı beyin silkələnməsi aldığını və qaşının yarıldığını deyib. O, terrorçunun partlayışı törətdiyi yerdən bir az kənarda, avtobusun orta qapısına yaxın yerdə dayanıbmış:

 

- Mən Politexnik Kollecində oxuyuram. Həmin gün avtobusla evə qayıdırdım. Birdən güclü partlayış səsi eşitdim, qulaqlarım cingildədi. Yerə çöməldim, qulaqlarımı əllərimlə bağladım. Daha sonra qışqırıqlar eşitdim, hamı avtobusdan düşüb qaçmağa başladı. Mən də qaçdım.  

 

Nail Əliyev rentgen müayinəsindən keçirildiyini, nəticələrin oktyabrın 23-də məlum olacağını və yaxın günlərdə xəstəxanadan evə buraxılacağını bildirib. Artıq valideynləri və Azərbaycan diasporunun nümayəndələri ona baş çəkiblər.     

 

Volqoqradda “LiAZ” markalı sərnişin avtobusunda kamikadze qadın tərəfindən törədilən terror nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralıların içərisində Rusiya vətəndaşı olan 1997-ci il təvəllüdlü azərbaycanlı Nail Əliyev də olub.  

 

Partlayış törətmiş Naida Asiyalovanın anası Ravzat Asiyalova isə “Qolos Rossii” radiosuna verdiyi müsahibəsində deyib ki, son 3-4 ildə qızının harada olmasından xəbərsiz olub:  “O, heç nəyi  mənimlə bölüşmürdü, ürəyini açmırdı. Mən haradan biləydim ki, o, belə işlə məşğuldur? Bizim evdə hicab taxmırlar. Mən özüm hicabı sevmirəm. Lakin o, hicab geyirdi”.     

 

Ravzat Asiyalova kiçik qızı Naidanın davranışının motivlərini anlamadığını vurğulayıb.

Müəllif | Apa.Tv