Olimpiadada qalmaqal: Monqol məşqçilər hakimə etiraz edərək arenada soyundular
Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının sonuncu günü qalmaqalla yadda qalıb. APA TV-nin məlumatına görə, qalmaqal 65 kiloqram çəki dərəcəsi üzrə güləş yarışlarında baş verib. Bürünc medal uğrunda yarışda Monqolustan təmsilçisi Mandaxnaran Qandzoriçlə Özbəkistan güləşçisi İxtiyar Novruzovun mübarizəsinin yekunu dramatik keçib. Gərgin keçən görüşün son 10 saniyəsində monqol güləşçi 7-6 hesabı ilə irəlidə olub. Son saniyələri rəqibin qarşısında qaçan və ona əl hərəkətləri ilə istehza edən güləşçinin hərəkəti hakimlər tərəfindən cəzaya layiq görülüb və özbək güləşçiyə bir xal verilib. Sonuncu xalı qazanan İxtiyar Novruzov qalib elan olunub.
Monqol güləşçinin məşqçiləri buna etiraz edərək hakimlərin qarşısında soyunublar. Arenanı tərk etməkdən imtina edən məşqçilər paltarlarını hakimlərin masası üzərinə atıblar. Uzun çəkən mübahisədən sonra mübahisəli epizod yenidən müzakirə olunub və monqol məşqçilərin etirazı rədd edilib. Hakimlər özbək güləşçiyə əlavə bir xal da verərək, onu qalib elan ediblər.