Hər üç idmançımızdan birinin medal qazandığı Rio Olimpiadası
Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları başa çatıb. 17 gün davam edən Olimpiadada Azərbaycan idmançıları 18 medal qazanıblar. Komanda hesabına 1 qızıl, 7 gümüş və 10 bürünc medal yazdıran idmançılarımız London Olimpiadasında müəyyənləşən nəticəni yeniləməyə nail olublar. Dörd il öncə Azərbaycan olimpiyaçıları Londonda 10 medal qazanmağa müvəffəq olmuşdu.
Rio Olimpiadasında yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazanıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rüstəm Orucov, Elmar Qasımov, kanoeçi Aleksandr Demyanenko və qadın güləşçimiz Mariya Stadnik isə gümüş medalla kifayətlənməli olublar.
Kanoe və kayakda İnna Osipenko-Radomskaya, taekvondoçu Patimat Abakarov, Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov isə bürünc medal qazanıb.
Azərbaycan idmançıları ümumilikdə beş idman növü üzrə fəxri kürsüyə yüksəlməyi bacarıblar.