Qəbələdə “ASAN xidmət” mərkəzinə tanışlıq səfəri təşkil olunub

Bu gün jurnalistlərin Qəbələdə fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzinə tanışlıq səfəri təşkil olunub. APA TV-nin məlumatına görə, “ASAN xidmət” mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib ki, bu mərkəz fəaliyyət göstərdiyi iki gün ərzində bölgənin 600-dən çox vətəndaşına xidmət göstərib. Mərkəzdə 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir, eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər təşkil edilir.

 

Regional mərkəzin direktoru Əbdül Əliyev bildirib ki, mərkəz Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 900 000-dən çox olan vətəndaşa xidmət göstərir. O, bölgə sakinlərinin “ASAN xidmət”in fəaliyyətindən razılıqla, minnətdarlıqla danışmasını ölkə daxilində bu yeni xidmət növünə münasibətin birmənalı şəkildə müsbət olmasının ifadəsi kimi qiymətləndirib.

 

Burada vətəndaşlara 200 nəfər xidmət göstərir, onlardan 45 nəfəri könüllüdür. Mərkəzdə xidmət göstərən dövlət orqanlarının əhatə dairəsi kifayət qədər genişdir. Burada Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin, Vergilər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təmsilçiləri vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər.

Müəllif | Apa.Tv
Apa.tv