İsmayıllıda kürəkən qayınatasını amansızlıqla öldürdü
İsmayıllı rayonunda 29 yaşlı kürəkən 42 yaşlı qayınatasını öldürüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhər sakini 1987-ci il təvəllüdlü Rüstəmov Tural İmran oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı rayonun Quşencə kəndində yaşayan qayınatası, 1974-cü il təvəllüdlü Kərimov Roman Novruz oğluna bıçaqla bir neçə dəfə ağır xəsarətlər yetirərək onu amansızlıqla qətlə yetirib. Hadisə yerinə gedən rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri Roman Kərimova tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Hadisəni törədən Tural Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.