Səfər Əbiyev və Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırıldı – YENİ HÖKUMƏTİN TƏRKİBİ
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən, baş nazirin müavinlərinin sayı 6-ya çatdırılıb, YAP-ın icra katibi Əli Əhmədov və sabiq kənd təsərrüfatı naziri İsmət Abasov baş nazirin müavinləri təyin olunublar.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov yeni hökumətdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edəcək. Hesablama Palatasının sədri Heydər Əsədov isə kənd təsərrüfatı naziri təyin olunub. Səfər Əbiyev müdafiə naziri postundan uzaqlaşdırılıb, Müdafiə Nazirliyinə yeni general-polkovnik rütbəsi ilə Daxili Qoşunların komandanı Zakir Həsənov rəhbərlik edəcək.
Eyni zamanda sərəncama əsasən Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilib və onların əsasında idarənin adı dəyişdirilərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-i olub. Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən Aydın Bəşirov çıxarılaraq, yerinə Rauf Vəliyev təyin edilib.
Sərəncamla Nazirlər Kabineti hələ tam tərkibdə formalaşdırılmayıb. Belə ki, ölkə başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat gerçəkləşdirib, eyni zamanda bu sərəncamla daha bir yer də - Dövlət Sosial Müdafiə Fondunun sədri postu da boşalıb. Həmçinin Prezident İlham Əliyevin verdiyi sərəncamlarla Azərbaycanda iki yeni nazirlik yaradılıb. Bunlar İqtisadiyyat və Sənaye Nazirliyidir.
Hazırda Nazirlər Kabinetinin tərkibində də daha 6 yer boşdur və həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər. Bunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Müəllif Hüquqları Agentliyinin, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifələri və Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsidir.