Birincilərin məktəb sevinci, bahalaşan məktəbli formaları - REPORTAJ

6 yaşlı Aytac birinci sinfə hazırlaşır. Məktəbli forması seçmək üçün neçə gündür valideynlərini mağazaya gətirməyə çalışır. Məktəb bazalığı üçün artıq çanta və digər ləvazimatlarının alındığını deyən balaca həmsöhbətim dərslərini yaxşı oxuyacağına da söz verdiyini deyir.

 

"Məktəbli forması almağa gəlmişəm, geyindim, xoşuma gəldi. Özüm istəyirdim ki, mən də burada olum, formalara baxım". 

 

Akif də  bu il məktəbə gedəcək. Hələlik onun üçün təkcə məktəbli formasının  alınıb. Birinci sinfə gedəcək Akif məktəbli kostyumunun görünüşündən və rahatlığından məmnun görünür.

 

"Xoşuma gəlir, daha çox pencəyimi sevdim. Əynimdə rahat qalır".

 

Bəli, növbətinin tədris ilinin başlamasına bir aydan da az müddət qalır. Artıq valideynlər məktəb bazarlığı barədə düşünür və seçim etməyə başlayırlar. Nəyi, haradan, neçəyə və necə almalı? Biz də bu suala cavab tapmaq üçün onların fikrini öyrəndik.

 

"Bu ilki bazarlığa məktəbli forması almaqdan başlamışıq. Burada hər şey ürəyimizcədir. Seçim boldur. Qiymətlər də çox baha deyil. Bu il nəvəm birinci sinfə gedəcək, onun üçün gəlmişik ki, birlikdə seçək"

 

"Oğlum altıncı sinfə gedəcək. Özü ilə bilikdə hər il bura gəlirik. Qiymətlər yaxşıdır, keyfiyyət də ürəyimcədir".

 

"Əslində hər il gec başlayırdıq məktəb bazarlığına, amma bu il dedim ki, sıxlığa düşməyək. Gəlmişik, seçirik, yəqin yaxşı olar".

 

 "Bakı Tikiş Evi”nin satış şöbəsinin rəisi Etibar Əzimov  APA TV-yə müsahibəsində

məktəbli formasının qiymətinin 7 faiz bahalaşdığını deyib.  Etibar Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manat idi:

 

"Bütün parçlar Türkiyədən gətirilir. Keyfiyyətinə zəmanət var. Avropa laboratoriyasının sertifikatı var. Bir dəst kostyumdan iki il rahat istifadə etmək olur. Manatın devalvasiyası təbii ki, məktəbli formasının qiymətinə də təsirsiz ötüşməyib. İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37  manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-54 ölçüyədək dəstin qiyməti 43 manat idi. İndi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək-şalvar və ya pencək-ətək daxildir. Köynəklər isə ölçüdən asılı olmayaraq 7 manata, jiletlər 6 manata satılacaq".

 

Etibar Əzimov yay fəsli olduğundan satışın zəif olduğunu qeyd edib. Onun sözlərinə görə, paytaxtın bütün bazarlarında  saxta məktəbli formaları hələ də qalmaqdadır. Onun sözlərinə görə, bu da uşaqlarda müxtəlif allergiya və digər fəsadlara səbəb olur:

 

 ”Şəhərdə yenə bizim adımızdan istifadə edib saxta məktəbli  formaları satırlar. Valideynləri daha diqqətli olmağa çağırırıq. Yarmarkalardan, mağazalardan və yaxud digər yerlərdən bu formanı alıb övladlarına geyindirməsinlər. Bu formaların ciddi fəsadları ola bilər".

 

Saxta geyimlərlə bağlı mütəmadi olaraq İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiklərini deyən Etibar Əzimov qeyd edib ki, hazırda Bakıda "Bakı Tikiş Evi”nin 19 satış mərkəzi fəaliyyət göstərir. Lökbatan qəsəbəsi də daxil olmaqla, Bakının digər qəsəbələrində - Qaradağ, Yeni Sahil, Pirəkəşkül, Buzovna, Binə və digər kənar ərazilərdəki vətəndaşlar da satış mərkəzlərindən rahatlıqla məktəbli geyimi ala bilərlər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı