Bakıda daha beş nəfəri gün vurdu - QIZMAR İSTİLƏRİN FƏSADI
"Son 3 gündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 5 müraciət daxil olub. Yay mövsümü başlayandan bu günə kimi isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 69 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 29 nəfəri xəstəxanaya yerləşdirilib”.
Bu açıqlamanı APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev verib.
Onun sözlərinə görə, gün vuranların 13 nəfəri uşaqdır, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Bu il günvurma hadisələrinin sayının ötən illərlə müqayisədə az olduğunu deyən R. Nağıyev həmçinin bildirib ki, havanın həddən çox isti keçdiyi vaxtlarda insanlar açıq havada qalmaqdan çəkinməlidir:
“Saat 11.00-17.00 aralığı günəşin daha çox göründüyü vaxt hesab olunur. Bu baxımdan açıq havada qalmaq təhlükəlidir. İnsanlar açıq havada istirahətlərini 17:00-dan sonra həyata keçirməyə üstünlük verməlidirlər. Əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq ümumiyyətlə, məsləhət görülmür. Kənd təsərrüfatı, tikinti, kommunikasiya və digər sahələrdə çalışanlar zərurət olmadığı təqdirdə, işi kölgədə həyata keçirməlidirlər”.