Damcılı mağarasında 7 min il əvvələ aid alətlər tapıldı
Qazaxda yerləşən Avey dövlət mədəniyyət qoruğunun ərazisində qazıntı işləri aparılır. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Damcılı mağarasında aparılan arxeoloji qazıntılar zamanı 7 min il əvvələ, neolit dövrünə aid alətlər aşkarlanıb. Yapon və yerli arxeoloqların birgə işlədiyi ərazidə qazıntı işləri 4 metr dərinlikdə aparılıb, tapılan alətlər ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləyib. İmzalanmış memoranduma əsasən, Qazax rayonu ərazisində 5 il müddətinə arxeoloji qazıntılar davam edəcək. Damcılıda tapılan maddi-mədəniyyət nümunələri isə Yaponiyaya laboratoriyalara göndəriləcək.
Bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazaxın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.
Arxeoloq Yoşihiro Nişiaki məqsədlərinə nail olduqlarını deyib: "Damcılıda arxeoloji qazıntılara başladıq və buradan kifayət qədər elmə yararlı materiallar əldə etdik. Məqsədimiz ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail ola bildik".
Qeyd edək ki, Damcılıda ilkin mərhələ qazıntıları yekunlaşıb. Növbəti ildən yapon və yerli arxeoloqlar daha geniş ərazidə tədqiqat işlərinə start verəcəklər.