Qərar açıqlandı: Fəthullahçı olmayan 434 polkovnikin hərbi xidmət müddəti iki il artırıldı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ali Hərbi Şuranın qərarlarını təsdiqləyib. APA TV-nin məlumatına görə, Ali Hərbi Şuranın bu gün keçirilən toplantısında 1985-1988-ci illərdə hərbi məktəblərdən məzun olmuş 1020 polkovnikin taleyinə aydınlıq gətirilib.
Yanvar ayında qəbul olunmuş qanun dəyişikliyinə əsasən, bu polkovniklərin hərbi xidmət müddəti avqustun 30-da başa çatmalı və onlar təqaüdə göndərilməli idilər. Qanun hökmündə qərarnamə ilə bu dəyişiklik ləğv edilib. Ali Hərbi Şura müzakirələrdən sonra təqaüdə göndərilməli olan 1020 polkovnikdən 434 nəfərin hərbi xidmət müddətinin iki il artırılması barədə qərar qəbul edib. Onlardan 372 polkovnik quru qoşunlarında, 27 polkovnik Hərbi DƏniz Qüvvələrində, 35 polkovnik Hərbi Hava Qüvvələrində xidmət keçir.
Bundan əvvəl hökumət üzvlərinin verdiyi açıqlamalarda 1985-1988-ci illərdə məzun olmuş zabitlərin FETÖ ilə əlaqələri olmadığı, həmin dövrlərdə FETÖ-nün orduya öz adamlarını sızdıra bilmədiyi qeyd olunurdu. Ali Hərbi Şuranın digər qərarı ilə Türkiyə ordusunda zabitlərin xidmət müddəti 28 ilə azaldılıb.
Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə bir ay ərzində Ali Hərbi Şuranın iki iclası keçirilib.