Olimpiya yığmamızı Vətəndə izdiham qarşıladı

Rio-de-Janeyro Olimpiadasında uğurla çıxış edən Azərbaycan yığması Vətənə dönüb. APA TV-nin məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

 

Medal sayında ölkəmizin yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar. Hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar olub. Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilməyib, yalnız hərbi musiqilər ifa edilib.

 

Olimpiyaçılarımız gül çələnglərinin əhatəsinə düşdükdən sonra onlar üçün ayrılan xüsusi avtobusla şəhər mərkəzinə gedib, Heydər Əliyevin abidəsini ziyarət ediblər. İdmançılar abidə önünə əklil qoyaraq, mərhum prezidentə ehtiramlarını bildiriblər. Ardından nümayəndə heyətimiz və digər medal qazanan idmançılarımız abidə önünə gül dəstələri düzüb və xatirə şəkli çəkdiriblər.

 

Sevincini jurnalistlərlə bölüşən "Rio-2016" Olimpiya Yay Oyunlarında yığma komandamızın yeganə qızıl mükafatçısı, taekvondoçu Radik İsayev bildirib ki, bu təkcə onun yox, Azərbaycan xalqının uğurudur.

 

"Hələlik qarışıq hisslər keçirirəm. Nə baş verdiyini başa düşmürəm. Yenicə Bakıya qayıtmışam. Bu qısa müddətdə həyatımda nə dəyişə bilər ki? Bu qızıl medal münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, təkcə mənim yox, hamımızın uğurudur. Bu medalın qazanılmasında hamının xidməti var".

 

Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin sözlərinə görə, təmsil etdiyi federasiyanın olimpiadada 4 idmançı ilə təmsil olunub, 3 medal qazanması böyük uğurdur.

 

"İdmançılarımızın bu uğuruna görə, başda prezidentimiz İlham Əliyev, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov olmaqla bütün xalqımızı təbrik edirəm. Federasiya olaraq indiyə kimi üç Olimpiya Oyunlarında iştirak edib medal qazana bilməmişdik. Şükürlər olsun ki, bu dəfə 4 idmançı ilə 3 medal qazandıq. 1 qızıl, 2 bürünc medalla Vətənə döndük".

 

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudovun sözlərinə görə, qələbələrini aprel döyüşlərində şəhid olan qəhrəmanlarımıza həsr ediblər.

 

"6 idmançımızın hamısından nəticə gözləyirdik. 5 medal qazandıq. Komada hesabında komandamız dünyada görünməmiş bir tarix yazdı. Komada hesabında birinci olduq. Biz  mart-aprel ayılarında Göygöldə olimpiada ilə bağlı hazırlıq keçəndə cəbhədə qızğın döyüşlər gedirdi. Biz bütün bu qələbələrimizi aprel döyüşlərində şəhid olan qəhrəmanlarımıza həsr edirik".

 

Qeyd edək ki, olimpiyaçılarımız Londonda 18 medal qazanıblar. Bunlar 1 qızıl, 7 gümüş və 10 bürünc mükafat olub.

Müəllif | Apa.Tv