Türkiyə ordusu Suriyaya daxil oldu, əməliyyat başladı

Türkiyə Silahlı Qüvvələri (TSK) Cerablus şəhərini İŞİD terrorçularından təmizləmək məqsədi ilə Suriya ərazisinə daxil olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyatı Türkiyə xüsusi təyinatlı qüvvələri havadan koalisiya qüvvələrinin dəstəyi ilə birgə keçirir. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələri də cəlb olunub.

 

Əməliyyat başlamazdan əvvəl Türkiyə ordusu 63 hədəfə 224 atəş zərbəsi endirib.

 

"Reuters" agentliyi Türkiyə rəsmilərinə istinadən "Bir qrup Türkiyə xüsusi təyinatlısı Şimali Suriyaya girdi" başlıqlı xəbər yayıb. "BBC" isə sərhəddə 1500 suriyalı müxalif döyüşçünün toplaşdığını bildirir. Bundan başqa Azad Suriya Ordusu da Cerablus ətrafında İŞİD ilə döyüşlərə başlayıb.

 

Hərbi əməliyyat planına uyğun olaraq ilk öncə Bakı saatı ilə 05.00 radələrində ağır toplar və haubitsalardan İŞİD mövqeləri bombalanıb, daha sonra Cerablus istiqamətində quru qoşunlarına dəhliz açmaq üçün texnika yeridilib, bundan sonra artilleriya zərbələri dayandırılıb.

 

Türkiyə tərəfi ilk hava zərbələrinin 07:08-də başladığını bildirir.

 

Türkiyə Silahlı Qüvvələrinin məqsədi sərhədin qarşı tərəfinin terrorçu birləşmələrdən təmizləmək, sərhədlərin təhlükəsizliyini təmin etməkdir. Əməliyyatla Türkiyə Cümhuriyyəti dövləti və millətinə hücum edən, məsum vətəndaşları qətlə yetirən terror təşkilatları ilə ciddi mübarizə aparılması, bu məsələdə beynəlxalq ictimaiyyət və koalisiya gücləri ilə əməkdaşlıq halında fəaliyyətin həyata keçirilməsi qarşıya qoyulub.

 

Mətbuat Yayım və İnformasiya Baş İdarəsi də "Türkiyə Silahlı Qüvvələri və Koalisiya Hava Qüvvələri tərəfindən Suriyanın Hələb şəhərinə bağlı Cerablus bölgəsinin terror təşkilatı İŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi hərəkat başlanıb" açıqlamasını yayıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı