Masallı sakini xəstə heyvan əti satarkən tutuldu

Masallı rayon Polis Şöbəsi (RPŞ)  və rayon Baytarlıq İdarəsi əməkdaşlarının birgə iştirakı ilə  mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə rayon ərazisində  reyd keçirilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, reyd zamanı rayonun Səmidxan kənd sakini Rəşad Xeyrəddin oğlu Səmədovun idarə etdiyi "Mercedes" markalı,  44 BR 280 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.

 

Avtomobilin arxa oturacağına və yük yerinə baxış keçirilərkən oradan 400 kiloqrama yaxın heyvan cəmdəkləri aşkarlanıb. Daha sonra minik avtomobili rayon Polis Şöbəsinə gətirilib.  İlkin araşdırmalardan sonra heyvan cəmdəklərinin mənşəyi, sağlamlığı haqqında müşayiətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.

 

O da məlum olub ki, Rəşad Səmədova məxsus bu heyvanlar xəstələndiyindən o, heyvanları kəsərək Bakı şəhərində satmaq istəyib.

 

Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən cəmdəklərdən və sümüksüz ətlərdən nümunələr götürülərək ərazi Baytarlıq Laboratoriyasına təqdim olunub.

 

Daha sonra heyvan cəmdəkləri zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv