Göyçayda toyda kütləvi zəhərlənmə: 30-dan çox qonaq xəstəxanalıq oldu
Göyçay rayonunda keçirilən toy mərasimində qonaqlar arasında qidadan kütləvi zəhərlənmə baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yekəxana kəndində qeydə alınıb. Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı qəflətən pisləşib. Ümumilikdə 30-dan çox adam zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Qidadan zəhərlənən şəxslərdən 22 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 9 nəfər isə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə Yekəxana kənd sakinləri olan 25 nəfər toy mərasimində meyvə şirəsi içdikdən sonra qəflətən yaranan qızdırma, ürək bulanma və qusma əlamətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıblar. Xəstələrdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
Zəhərlənən Qoşqar Quliyev toyda özünü qəfil pis hiss etdiyini deyib: "Toyda meyvə şirəsi içdim. İçəndən bir müddət sonra ürəkbulanma, halsızlıq, tərləmə yarandı. Bir də gördüm ki, xəstəxanadayam".
Həkim İsa Sultanovun sözlərinə görə, xəstəxanaya gətirilən xəstələrin hamısında zəhərlənmə əlamətləri var: "Xəstəxanamıza daxil olan xəstələrin şikayəti ishal, ürəkbulanma və qusma əlamətləri olub. Xəstələrə tərəfimizdən dərhal lazımi müdaxilə edilib. Bəzi xəstələrin vəziyyəti normal olduğundan onlar evə buraxılıb. Qalanlarının müalicəsini davam edir".
Hüquq-mühafizə orqanlarının əməkdaşları toy mərasimi keçirilən yerə gəliblər. Kütləvi zəhərlənməyə səbəb olunan meyvə şirələrindən yoxlamaq üçün nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır.