Zabit Səmədov dünya çempionu titulu uğrunda döyüşdə qalib gəldi

Ötən gün  Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirinə start verilib. APA TV-nin məlumatına görə, turnir çərçivəsində "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın "K-1" ustası, döyüşçü Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.

 

Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Zabit Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə çəkib.

Zabit Səmədovun 120-yə yaxın azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanıb və zalda idmançımıza dəstək olublar.

 

Döyüş Rusiyanın "Matç TV" və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanıb.

 

 

 

Müəllif | Apa.Tv