"Facebook"da müəlliminin səhifəsini izləyən şagird - YANAŞMA
Şagirdlərin cəmiyyətə yararlı fərd kimi formalaşmasında müəllim əməyini, alın təri ilə yazılmış "uğur dəftəri"ni itirmək ən böyük haqsızlıq sayılar. Müəllim hər şagirdin həyat yolunu öz ziyası ilə məşəl kimi işıqlandırır.
Mustafa Kamal Atatürkün məşhur bir deyimi ilə desək, "Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər".
Bu gün yaşlı və orta nəslin tez-tez səsləndirdiyi belə fikirlərə rast gəlirik: "Bizim vaxtımızda müəllimlər belə deyildi". Yaxud "Bizim vaxtımızda şagirdlər belə deyildi". "O zaman bizim həddimiz nə idi ki, müəllimin qarşısında..." və sair. Hər kəs etiraf edir ki, zamanla cəmiyyətimizdə müəllim-şagird münasibətləri deformasiyaya uğrayıb. Bəs əslində bu münasibətlər necə olmalıdır? Bu suala şəhər sakinlərinin münasibətini öyrənirik. Demək olar ki, əksəriyyət məktəb daxili münasibətlərdə çox dəyişikliklər baş verdiyini deyir. İndiki durumdan razı olan da var, narazı olan da.
- İllər öncə şagird-müəllim münasibətləri çox gözəl idi. Şagird müəllimə hörmət qoyurdu. İndiki zəmanədə hörmət qoymurlar. Nə bilim, saymamazlıq çoxdur. Keçmişdə olan ədəb-ərkan qaydaları elə keçmişdə qaldı.
- Müəllimlə şagird arasında həmişə incə bir xətt olub. O xətti həmişə şagird də gözləyib, müəllim də. Əvvəl də belə olub, indi də. Fikrimcə, qarşılıqlı hörmət hər şeyin əsasını qoyan bir ünsürdür.
- Həyatda pis uşaq yoxdur, pis tərbiyəçi var. Uşağın tərbiyəsi, bünövrəsi ailədə qoyulur. Yəqin ki, bu, ailədən irəli gəlir. Uşaq görür, götürür. Böyüyə baxıb kiçik hərəkət edir. Bunun günahkarı valideyndir.
- Bizim vaxtımızda müəllimi başqa cür sayırdıq. Müəllim deyəndə biz hətta elə bilirdik ki, öz valideynlərimizdən də yüksək bir şəxsdir. Amma indiki müəllimlər, şagirdlər elə də fərq qoymurlar bir-birlərinə. Yəni müəllim şagirdlə yoldaş da olur, tay-tuş da olur. Toyda, qeyri-yerlərdə bir yerdə də olur. İndiki münasibət budur.
- Daha çox mənə elə gəlir ki, sosial şəbəkələrə görə, bir az uşaqlarda aqressiya yaranıb. Yaxşı deyil vəziyyət. Uşaqlar oxumaqdan çox, internetdə vaxt öldürməklə məşğuldurlar.
Sosial şəbəkələr cəmiyyətin müvazinətini sanki pozub. Bu gün "Facebook" istifadəçiləri arasında müəllim və şagirdlərin sayı az deyil. Şagirdlər "Facebook"da müəllimlərinin hesabını izləyir, ən adi səhvdən tutmuş, hər hansı bir məsələyə bildirdiyi irad və təkliflərə şərh vermək üçün loru dildə desək, "internetdə yatır". Bəs, bu məsələnin şagirdlərə psixoloji təsiri varmı?
Psixoloq Elnur Rüstəmovun fikrincə, müəllim-şagird münasibətlərinin dəyişməsində informasiya bolluğu mühüm rol oynayır: "Biz əvvəl müəllim haqqında fikirləşirdik ki, məsələn o çörək yemir. Müəllimə tutaq ki, xüsusi bir kateqoriyalı bir şəxs kimi baxırdıq. Gözləntilərin müqabilində müəllimlərin davranışı da bu münasibətə hesablanmışdı. Bu gün informasiya əsrində biz nəinki müəllimin çörək yediyini, hətta müəllimin asılı olduğu zərərli vərdişləri, harada olduğunu, harada dincəldiyini bilirik, bu barədə məlumatlarımız çoxdur. Bunun üstünlük və çatışmazlıqları var. Üstünlük ondan ibarətdir ki, üzərində ictimai nəzarət olduğunu bilən müəllimlər özünü qoruyub saxlayır və bu da şübhəsiz ki, cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ancaq bu vəziyyətin yaratdığı neqativ amil odur ki, bəzi müəllimlər bu durumla ayaqlaşa bilmir. Bu zaman müəllim-şagird münasibətləri pozulur. Ümumən cəmiyyətdə müəllim modelinə qarşı münasibət pozulur. Bizi narahat edən bundan ibarətdir. Çünki bəlli bir yaşa qədər bizə yol göstərən müəllimlər olur. Sosial şəbəkədə müəllimin bir profilinin, səhifəsinin olması pis bir şey deyil. Amma baxır o müəllim o səhifədə nə paylaşır, cəmiyyətə hansı informasiyalar ötürür və dərs dediyi uşaqlar bu informasiyalardan hansı nəticələr çıxarır. Bu, vacib bir məqamdır".
Münasibətlərin dəyişməsində yeganə səbəb psixoloqun qeyd etdiyi kimi informasiya bolluğudurmu? Təbii ki, yox. Burada maddi durum və fərdlərin hədəflərinin dəyişməsi də əsas rollardan birini oynayır. Amma yenə də hər şey insanın özündən və ailədən asılıdır. Problemi təkcə müəllim-şagird kontekstində araşdıraraq nəticəyə gəlmək çətindir, bu münasibətlərdə valideynlərin rolu da mütləq araşdırılmalıdır.