Efkan Ala: "Cerablusun İŞİD-dən təmizlənməsi əməliyyatı qısa müddətdə başa çatacaq"

"Cerablusun İŞİD-dən azad edilməsində koalisiya qüvvələri və loyal müxalifətlə əməkdaşlıq edirik". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin daxili işlər naziri Efkan Ala deyib.

 

O, "Fərat qalxanı" adı verilmiş əməliyyatın koalisiya qüvvələri ilə koordinasiya edilmiş şəkildə həyata keçirildiyini deyib. Efkan Ala Cerablusun Türkiyənin Karkamış qəsəbəsi ilə üzbəüz yerləşdiyini xatırladıb: "Cerablusda İŞİD başda olmaqla bir neçə terror təşkilatı mövqe tutub. Oradakı terrorçu fəaliyyətin onurğasını İŞİD təşkil edir. İŞİD Türkiyəyə dəfələrlə hücumlar edib. Türkiyə bütün terror təşkilatları ilə mübarizə aparır. Türkiyə faktiki olaraq terrorla müharibə vəziyyətindədir. İŞİD-ə qarşı bütün dünyada mübarizə aparılır, amma Suriyada mövcud xaos durumunu fürsət bilən bu terror təşkilatlarına qarşı əsasən Türkiyə mübarizə edir. İndi bu bölgədə Türkiyəyə qarşı açıq təhlükə mövcuddur. Dünən Karkamışa 9 mərmi atılmışdı, bu gün bir mərmi atılıb. Türkiyə bu durumu sakitcə müşahidə edə bilməz. Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin edəcəkdir". 

 

Efkan Ala Cerablusun İŞİD-dən təmizlənməsi əməliyyatının qısa müddətdə başa çatacağına ümidvar olduğunu deyib.

 

Qeyd edək ki, xarici mətbuat bu səhər 1500 silahlı müxalifin Karkamış qəsəbəsindən Cerablus istiqamətində sərhədi keçdiyini yazıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv