Moskvada erməni iş adamı bankı partlatmaqla hədələyir
Moskvada bir nəfər bank şöbəsini partlatmaqla hədələyir. APA TV-nin məlumatına görə, hadisə “Sitibank”ın şöbələrindən birində baş verib.
Polis bank şöbəsini partladacağını bəyan edən kişi ilə danışıqlar aparır.
Bədəninə skotç dolayan kişi əlində içindən naqillər sallanan qutu saxlayıb. O, hələlik heç bir tələb irəli sürməyib.
Məlum olub ki, bank şöbəsi iflas olmuş iş adamı Aram Petrosyan tərəfindən girov götürülüb. Təqribən 60 yaşlı şəxsin həmin bankla maliyyə probleminin olduğu qeyd olunur. Onun “Vkontakte” sosial şəbəkəsində Rusiya prezidentinə videomüraciəti də yayımlanıb.
Hadisə yerinə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev də gəlib.
Hazırda bankın yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Əraziyə kənar şəxslər buraxılmır. Ehtimal olunur ki, həmin şəxs bankın müflis olmuş müştərilərindən biridir. O, girov götürdüyü şəxslərin həyatlarına heç bir təhlükə olmadığını bildirib. Girov götürülən şəxslərdən üçü A. Petrosyan tərəfindən sərbəst buraxılıb.