Bayden: “Güləni qorumağımız üçün heç bir səbəb yoxdur”
ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdikləri görüşdən sonra jurnalistlərin qarşısına çıxıblar.
Türkiyə prezidenti iyulun 15-də ölkədəki çevriliş cəhdindən, Fətullahçı terror təşkilatının bu cəhdinin qarşısının xalq tərəfindən alınmasından danışıb. O, deyib ki, Co Bayden çevriliş cəhdi ilə bağlı tam məlumatlandırıb. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə üçün əsas məsələ Fətullah Gülənin ekstradisiyasıdır:
“Təbii ki, burada məhkəmə qərarından bəhs edirlər. Biz 15 iyuldan əvvəl bir qruplaşmanın etdiklərinə dair bütün sənədləri göndərmişik. 15 iyuldan sonraya aid sənədlər də hazırlanır və göndəriləcək. Amma ABŞ-la Türkiyə arasındakı razılaşmaya görə, belə adamlar ən azı saxlanılır, həbs edilir və məhkəmə müddətində həbsdə qalır”.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Fəthullah Gülən terror təşkilatını hələ də idarə edir. Onun 170 ölkədə məktəbləri, şirkətləri və dərnəkləri fəaliyyət göstərir və onları ABŞ-dan idarə edir.
ABŞ-ın vitse-prezidenti Co Bayden isə deyib ki, iyulun 15-də Türkiyə parlamentinin binasına hücumun nəticələrini görüb. O, Birləşmiş Ştatların Türkiyədəki çevriliş cəhdindən üzgün olduğunu bildirib, müttəfiqi Türkiyənin yanında olduğunu qeyd edib.
“ABŞ çevriliş cəhdi ilə əlaqədar hər kəsin məhkəmə qarşısına çıxarılması üçün bütün dəstəyi verəcək. Fəthullah Gülənin ekstradisiyası tələbi ilə bağlı hüquqşünaslar işləyir. Bundan əvvəl hər hansı cinayət işi üzərində bu qədər çalışıldığını xatırlamıram. Güləni qorumağımız üçün heç bir səbəb yoxdur”.
Co Bayden əlavə edib ki, Türkiyə və Amerika xalqları terror qarşısında geri çəkilməyəcək və əməkdaşlığın artırılması üçün yeni addımlar atılacaq.