İtaliyada zəlzələ qurbanlarının sayı 159 nəfərə çatdı
İtaliyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 159 nəfərə çatıb. APA TV-nin məlumata görə, bu rəqəmi Milli Mülki Müdafiə Xidməti açıqlayıb.
Ölkədə matəm elan edilib. Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya və İtaliya xalqına başsağlığı verib.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Turizm mövsümü olduğundan, dağıntılar altında əcnəbilərin də qaldığı istisna edilmir.
Ölkənin geoloji xidməti ölənlərin sayının artacağını, hətta 1000 nəfərə çata biləcəyini bəyan edib.
İtaliyanın baş naziri Matteo Renzi zəlzələ bölgəsinə səfər edib. O, bildirib ki, bu gün hökumətin iclası keçiriləcək, təbii fəlakət zonasında fövqəladə vəziyyət elan olunacaq.