450 bordo-bərəli, 2000 silahlı müxalif - Cerablus əməliyyatının detalları

Cerablus qəsəbəsinin İŞİD-dən təmizlənməsi əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin 450 hərbçisi iştirak edib. APA TV-nin məlumatına görə, bu barədə "Hürriyət" qəzetinin köşə yazarı Abdülqadir Selvi yazıb. Hərbi mənbələrə istinad edən Selvi, bu rəqəmin yaxın gümlərdə 15 min nəfərə çata biləcəyini yazıb. Müəllifin sözlərinə görə, Türkiyə xüsusi təyinatlı birləşmələri Suriya ərazisinə əməliyyatdan bir gün əvvəl daxil olublar. Əməliyyata 2-ci ordu komandanı İsmayıl Mətin Təməl və Özəl Qüvvələr komandanı Zəkai Aksakallı rəhbərlik edib, əməliyyatı Baş Qərargahdan Sİlahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Ümit Dündar idarə edib.  Ümumilikdə Cerablus əməliyyatında 16 tank, 14 zirehli maşın cəlb olunub. Hərbi texnika ilə birlikdə Suriya ərazisinə 2000 Azad Suriya Ordusu döyüşçüsü daxil olub. Onlardan əvvəl Suriya ərazisinə girən bordo-bərəlilər kiçik əməliyyatlar keçirib, hədəflərin koordinatlarını müəyyənləşdirib, təhlükəli nöqtələrdə olan şəxsləri zərərsizləşdiriblər.

Qeyd edək ki, Cerablusun azad edilməsi əməliyyatında Azad Suriya Ordusunun bir silahlısı ölüb, 50 silahlı yaralanıb. Yaralılar Qaziantepdə hərbi hospitala yerləşdiriliblər. Əməliyyat zamanı 46 İŞİD terrorçusu öldürülüb, digər terrorçular qəsəbəni tərk edərək Raqqa istiqamətində geri çəkiliblər. 

Müəllif | Apa.Tv
Apa.tv