Cəlilabadda qeyri-adi tapıntı: başdaşının üzərindəki yazıları heç kim oxuya bilmir

Bu günlərdə Cəlilabad rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları sırasına daha bir maraqlı tapıntı əlavə olunub. APA TV-nin Cənub bürosunun məlumatına görə, bu, rayonun Ləkin kəndindəki qədim qəbiristanlıqda tapılmış məzar daşıdır.

Eramızdan əvvəl 4-6-cı minilliyə aid olduğu güman edilən bu tapıntının hər iki tərəfində oxunması mümkün olmayan qeyri-adi işarələr əks etdirilib.

Cəlilabadlı tarixçi-tədqiqatçı Elşad Əmənovun sözlərinə görə, baş daşının üzərindəki işarələrin oxunması üçün  Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutuna və  dünyanın daha 7 müxtəlif ölkəsinin tarixçi-alimlərinə  müraciət olunub. Amma təəssüf ki, daşın üzərindəki yazıları hələlik oxumaq mümkün olmayıb. Elşad Əmənovun qənaətincə, tarixçilərin işini çətinləşdirən əsas problem yazılı ədəbiyyatlarda indiyə kimi bu cür yazı işarələrinə rast gəlinməməsidir.

"Bu daş Buravar sıra dağlarının cənub ətəklərindən, köhnə məzarlıqdan tapılıb. Mənim qənaətimcə, bu daşın üzərindəki yazılar orta əsrlər dövrünə aid deyil. Çünki orta əsrlər dövründə belə bir mədəniyyət izi olmayıb. Daşın quruluşuna fikir verəndə bilinir ki, bunun tapıldığı yerdə məzarlıq çox dərindir. Həm də ki, qeyri-mütənasiblik var. 

Elşad Əmənovun sözlərinə görə, başdaşının üzərindəki yazılar qədim dini inanclarla bağlı astronomik təsəvvürləri ifadə edə bilər.

"Daşın üzərindəki yazıları oxumaqdan ötrü yeni metodologiya lazımdır. Bu nöqteyi-nəzərdən tarixçiyə, folklorşünasa, ədəbiyyatçıya ehtiyac var. Burada xüsusilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun köməyi daha vacibdir".

Elə buna görə də Elşad Əmənov başdaşının tapıldığı qəbiristanlıqda geniş arxeoloji tədqiqatların aparılmasının  qədim kitabənin oxunmasına yardımçı ola biləcəyinə ümid bəsləyir.

Daşın tapıldığı ərazidə arxeoloji qazıntılar aparmadan, oradan yeni maddi-mədəniyyət nümunələri aşkarlamadan onun tarixi dövrünü müəyyənləşdirmək mümkün deyil. İndi söz Milli Elmlər Akademiyasınındır.

 

Müəllif | Apa.Tv