"Bu istiyə necə dözürsən, flaminqo?" - HEYVANAT BAĞINDAN REPORTAJ
Yayın bu cırhacırında Bakı sakinlərinin istidən şikayəti saysız-hesabsızdır.
İsti insanları kösöv edir. Bəs heyvanları necə?
Heyvanların bu istiyə necə dözdüyünü öyrənmək üçün Bakı heyvanat parkına yollanırıq. Təsəvvür etdiyimiz bir mənzərə ilə qarşılaşdıq. Heyvanların bəziləri istidən yatır, bəziləri yuvalarından çıxmır, bəziləri də suda sərinləməyə çalışır.
Bakı heyvanat parkının əməkdaşı Vüqar Həsənovun sözlərinə görə, yerli faunaya xas heyvanlar istiyə dözə bilir, müəyyən heyvanlar var ki, onlar istidən çox əziyyət çəkir:
“Zooparkımızda yerli faunanın heyvanları istiyə və soyuğa dözümlüdür. Lama, alkapa və amur pələngi istiyə dözümsüzdür. Onlara əlavə köməklik edirik. Amur pələnginin xüsusi gölməçəsi var. O, temperatur qalxdıqca gölməçədən istifadə edərək, sərinləyir. Alkapalar üçün də xüsusi duş təşkil etmişik. Onlar da günün isti vaxtlarında duş və palçıq vannası qəbul edərək, sərinləməyə çalışır. Tropik zonanın heyvanları isə istidən elə də əziyyət çəkmirlər. Suları hər gün dəyişilir. Onların suyu səhərdən axşama qədər yanlarında olmalıdır”.
Heyvanlara göstərilən qayğı və diqqət şəhər sakinləri tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilib. Müsahiblərimiz bildirir ki, heyvanat parkının əməkdaşları heyvanlara nə qədər yaxşı qulluq edərsə, bu, onlara daha xoş təsir bağışlayar:
"Vəhşi heyvanların daha yaxşı istirahət etməsi üçün təbiətdə olmaq, qəfəsdə olmaqdan daha yaxşı ola bilər. Başqa dövlətlərdə, o cümlədən Gürcüstanda, Dağıstanda heyvanat parklarına baxanda ölkəmizdəki heyvanat parkları bizi qane edir. Çünki körpələrlə, dost-tanışla gəlib istirahət edəndə insan bir rahatlıq tapır".
"Heyvanlara çox yaxşı baxırlar. Suları, yeməkləri, hər bir şeyi çox yaxşıdır. Buralar həm də kölgəlikdir deyə, heyvanlara o dərəcədə də isti təsir etmir".
Ağacın dibinə qısılan flaminqo, suya girərək sərinləməyə çalışan ayı, dəmir barmaqlıqlardan yapışıb insanları seyr edən meymun...
Kaş, məni anlayardılar. Soruşardım: "İstiyə necə dözürsən, flaminqo?"