Almaniya İncirlikdən öz əsgərlərini geri çağırır
Almaniya İncirlik hərbi bazasında xidmət keçən hərbçilərini təxliyə etməyə hazırlaşır. "Spiegel" nəşrinin yazdığına görə, Türkiyə alman millət vəkillərini İncirlik hərbi bazasına buraxmaqdan imtina etdiyinə görə, bazada olan və İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyaya dəstək verən "Tornado" kəşfiyyat təyyarələrinin də bazadan çıxarılmasına hazırlıq gedir.
Hakimiyyətdə təmsil olunan Sosial Demokrat Partiyasının deputatı Rainer Arnold bildirib ki, Almaniya hərbçiləri ilə görüşə icazə verilməsə, alman əsgərlərin bazada qalmasının müddətini uzatmaq barədə söhbət gedə bilməz". Rainer Arnold hökumətə çağırış edərək bildirib ki, dərhal hərbçilərin yerləşdirilməsi üçün başqa yer tapılmalıdır.
Millət vəkili həmçinin Almaniya hərbçilərinin NATO daxilində həyata keçirilən "Awacs" uçuşlarına qatılmasına da səs verməyəcəyini vurğulayıb.