Kılıçdaroğluna sui-qəsd edildi - YENİLƏNİB

CHP lideri Kamal Kılıçdaroğluna sui-qəsd olub. APA TV-nin məlumatına görə, K. Kılıçdaroğlu bu gün əvvəlcə təyyarə ilə Qars şəhərinə, oradan isə avtomobillə Gürcüstanla həmsərhəd Artvinə gedib. O, Artvin vilayətinin Şavşat şəhərinin mərkəzində toplaşan tərərfdarları qarşısında çıxış edib. Sonra Artvin şəhərinə yola düşən müxalifət liderinin avtomobil karvanının hərəkəti vilayətin Ardanuç rayonunun Yanıklı kəndi yaxınlığında polislər tərəfindən dayandırılıb. Yol kənarında barrikada qurulduğunu müəyyən edən polis orada terrorçuların gizləndiyini ehtimal edərək həmin nöqtəni atəşə tutub. CHP liderinin avtomobilini minaatanla vurmağa çalışan terrorçu məhv edilib. K. Kılıçdaroğlunun avtomobili isə mühafizə məqsədilə əhatəyə alınıb, özü isə zirehli avtomobillə ərazidən uzaqlaşdırılıb. Atışma davam edir. CHP rəsmiləri Kılıçdaroğlunun xəsarət almadığını, atışma müddətində maşında saxlandığını deyiblər. Əraziyə təcili tibbi yardım maşınları çağırılıb. Hadisə nəticəsində konvoyun təhlükəsizliyinə cavabdeh jandarma qüvvələrinə aid avtomobilin sürücüsü və avtomobildə olan digər iki hərbçi yaralanıb. Xəstəxanaya çatdırılan hərbçilərdən biri, başından ağır yaralanan  sürücü bütün müdaxilələrə baxmayaraq şəhid olub.

K. Kılıçdaroğlunun müşavirlərindən biri hadisənin müxalifət liderinə hücum olmadığını və avtomobil karvanının hərəkət etdiyi ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verdiyini söyləyib. Lakin başqa bir məlumata görə, naməlum terrorçular K. Kılıçdaroğluna hücum planlaşdırıb. Hadisə ilə bağlı təhqiqat başlayıb.

Kılıçdaroğlu CNN Türk bağlanaraq vəziyyətinin normal olduğunu bildirib.

Daxili işlər naziri Efkan Ala PKK terrorçularının ilk öncə maşın karvanını müşayiət edən zirehli maşına atəş açdıqlarını deyib. Atəş nəticəsində maşında olan üç hərbçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Daxili işlər naziri jandarma qüvvələri və xüsusi təyinatlı polislərin cavab atəşi açdığını, atışmaların davam etdiyini deyib.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan CHP liderinə zəng vuraraq "keçmiş olsun" deyib.

Qeyd edək ki, CHP liderinə bir müddət öncə hücum olacağı barədə xəbərdarlıq edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv